Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

İSTİHAZƏ

Qadınlardan xaric olan qanlardan biri də istihazə qanıdır. İstihazə qanı görən müddətdə qadına müstəhazə deyilir.

Məsələ: 393.İstihazə qanı əksər vaxtlar sarı rəngli, soyuq olur və təzyiq, yandırıcılıq olmadan çölə gəlir. Çox da qəliz deyil, amma ola bilsin ki, bə”zi vaxtlar qara, qırmızı, isti və qəliz olsun, təzyiqlə və yandıra-yandıra çölə gəlsin.

Məsələ: 394.İstihazə üç qismdir: Qəlilə (az), mütəvəssitə (orta), kəsirə (çox).

Qəlilə istihazə budur ki, qan, qadının ovrətinin daxilinə qoyduğu pambığın bir tərəfindən keçib o biri tərəfində zahir olmasın.

Mütəvəssitə istihazə odur ki, qan qadının ovrətinə qoyduğu pambığa hopub o biri tərəfindən zahir olsun. Amma qadınların, adətən, qanaxmanın qarşısını almaq üçün qoyduqları dəsmala çatmasın.

Kəsirə istihazə budur ki, qan ora qoyulan pambıqdan keçib dəsmala çatsın.

İSTİHAZƏNİN HÖKMLƏRİ

Məsələ: 395.Qəlilə istihazədə qadın hər namaz üçün bir dəstəmaz almalı, ovrətinin zahirinin qan dəyən yerlərini suya çəkməlidir. Ehtiyat-vacibə görə qoyduğu pambığı dəyişməli, yaxud suya çəkməlidir.

Məsələ: 396.Əgər namazdan əvvəl, yaxud namaz əsnasında mütəvəssitə istihazə qanını görsə, o namaz üçün qusul etməlidir. Amma əgər mütəvəssitə istihazədə sübh namazından qabaq qusul etsə, sonrakı günün sübhünə qədər hər namaz üçün (əvvəlki məsələdə deyilən) qəlilə istihazənin işlərini yerinə yetirməlidir. Amma qəsdən, yaxud unutqanlıq üzündən qusul etməsə, zöhr və əsr namazları üçün qusul etməlidir. Əgər onun üçün də qusul etməsə, məğrib və işa namazlarından qabaq qusul etməlidir.

Məsələ: 397.Kəsirə istihazədə, (əvvəlki məsələdə deyilən) mütəvəssitə istihazənin işlərindən əlavə, hər namaz üçün ovrətinə qoyduğu dəsmalı dəyişməli, yaxud suya çəkməlidir. Sonra bir qusul zöhr və əsr namazları üçün, bir qusul da məğrib və işa namazları üçün etməli, zöhr və əsr namazları arasında fasilə salmamalıdır. Əgər fasilə salsa əsr namazı üçün də yenidən qusul etməlidir. Həmçinin, əgər məğrib və işa namazları arasında fasilə salsa işa namazı üçün yenidən qusul almalıdır.

Məsələ: 398.Əgər istihazə qanı namazın vaxtından əvvəl də gəlsə, hətta qadın o qan üçün dəstəmaz və quslu yerinə yetirmiş olsa da, ehtiyat-vacibə görə namaz vaxtı dəstəmaz və qusul etməlidir.

Məsələ: 399. Dəstəmaz və qusul almağın vacib olduğu mütəvəssitə və kəsirə qanı olan qadın, qusul və dəstəmazdan hər hansını əvvəl yerinə yetirsə səhihdir. Amma daha yaxşı olar ki, əvvəl dəstəmaz alsın.

Məsələ: 400. Əgər qadının qəlilə istihazə qanı sübh namazından sonra mütəvəssitəyə çevrilsə, bu halda zöhr və əsr namazı üçün qusul etməlidir; və əgər zöhr və əsr namazından sonra qəlilə mütəvəssitəyə çevrilsə, məğrib və işa namazları üçün qusul etməlidir.

Məsələ: 401.Əgər qadının qəlilə və yaxud mütəvəssitə istihazəsi sübh namazından sonra kəsirə olsa, zöhr və əsr namazları üçün bir qusl, məğrib və işa namazı üçün başqa bir qusul almalıdır. Əgər zöhr və əsr namazından sonra kəsirə olsa məğrib və işa namazı üçün qusul etməlidir.

Məsələ: 402.Kəsirə və ya mütəvəssitə qanı olan qadın əgər vaxtın daxil olmasından əvvəl namaz üçün qusul etsə, onun quslu batildir. Hətta əgər sübh namazının vaxtına yaxın olan vaxtlarda gecə namazı üçün qusul edib gecə namazı qılsa, ehtiyat-vacib budur ki, sübh namazının vaxtı daxil olandan sonra yenidən qusul və dəstəmaz alsın.

Məsələ: 403.Müstəhazə qadın istər vacib, istərsə də müstəhəb namazın hər biri üçün dəstəmaz almalıdır. Həmçinin qıldığı namazı ehtiyatən yenidən, yaxud təklikdə qıldığı namazı yenidən camaatla qılmaq istəsə, gərək istihazədə deyilən bütün işləri yerinə yetirsin. Amma ehtiyat namazı, unudulmuş səcdə və təşəhhüdü, həmçinin səcdeyi-səhvi yerinə yetirmək üçün əgər onları namazdan sonra dərhal yerinə yetirsə, istihazə işlərini təkrarlaması lazım deyil.

Məsələ: 404.Müstəhazə qadın, qanı dayandıqdan sonra qılacağı ilk namaz üçün iztihazənin işlərini yerinə yetirməlidir. Sonrakı namazlar üçün isə lazım deyil.

Məsələ: 405.Əgər bir qadın istihazəsinin hansı növdən olduğunu bilməsə, namaz qılmaq istədiyi vaxt bir miqdar pambığı öz ovrətinin daxilinə qoyub bir az gözlədikdən sonra çıxardıb istihazənin hansı növdən olduğunu bilməli, sonra həmin növün göstərişlərə əsasən əməl edilməlidir. Amma əgər namaz qıldığı vaxtda istihazəsinin dəyişilməyəcəyini bilsə, vaxt daxil olmamışdan əvvəl də özünü yoxlaya bilər.

Məsələ: 406.Əgər müstəhazə qadın özünü yoxlamadan namaza başlasa, bu halda qürbət qəsdi olsa və öz vəzifəsinə əməl etsə (məsələn, istihazəsi qəlilə olsa və qəlilə istihazənin göstərişlərinə əməl etsə), namazı səhihdir. Amma əgər qürbət qəsdi olmasa, yaxud əməli öz vəzifəsinə müvafiq olmasa (məsələn, onun qanı mütəvəssitə olduğu halda qəlilə istihazə göstərişlərinə əməl etsə), qıldığı namaz batildir.

Məsələ: 407.Əgər müstəhazə qadın özünü yoxlaya bilməsə, 100% vəzifəsi olduğu şeylərə əməl etməlidir. Məsələn, əgər istihazəsinin qəlilə, yaxud mütəvəssitə olmasını bilməsə, qəlilə istihazəsinin işlərini yerinə yetirməlidir; və əgər mütəvəssitə və ya kəsirə olduğunu bilməsə, mütəvəssitə işlərini yerinə yetirməlidir. Əgər, əvvəlcə bu üç növdən hansının olduğunu bilsə, onun göstərişlərinə uyğun əməl etməlidir.

Məsələ: 408.Əgər istihazə qanı batində olub çölə gəlməsə onun dəstəmazı və quslu batil olmaz. Amma əgər çölə gəlsə, hətta az da olsa belə, dəstəmazı və quslu (əvvəldə qeyd olunduğu kimi) batil olur.

Məsələ: 409.Əgər müstəhazə qadın namazdan sonra özünü yoxlayıb qan görməsə, ikinci dəfə qan gələcəyini bilsə də aldığı dəstəmaz ilə namazı qıla bilər.

Məsələ: 410.Əgər müstəhazə qadın dəstəmaz, yaxud qusul almağa başladığı vaxtdan e”tibarən qan gəlməyəcəyini, həmçinin namazdan sonra da ovrətinin daxilində qan olmayacağını və çölə gəlmədiyini bilsə, namazını tə”xirə sala bilər.

Məsələ: 411. Əgər müstəhazə qadın namazın vaxtının gəlməsindən əvvəl tamamilə paklanacağını, yaxud namaz müddətində qanın dayanacağını bilsə, bu halda gözləməli, namazını pak olduğu vaxtda qılmalıdır.

Məsələ: 412.Əgər dəstəmaz və qusldan sonra qan zahirən dayansa və müstəhazə qadın, namazı tə”xirə salacağı halda dəstəmaz, qusul və namazı yerinə yetirə biləcəyi müddətdə paklanacağını bilsə, onda namazını tə”xirə salmalı, tamamilə paklandıqdan sonra yenidən dəstəmaz, qusul alıb namazını qılmalıdır. Amma namazın vaxtı az olsa dəstəmazı və quslu yenidən təkrarlaması lazım deyil–əvvəlki qusul və dəstəmazı ilə namaz qıla bilər.

Məsələ: 413.Kəsirə və mütəvəssitə istihazəsi olan qadın, qandan tamamilə paklandıqda qusul etməlidir. Amma əgər qabaqkı namaz üçün qusul etdiyi vaxtdan ondan qan gəlmədiyini bilsə, yenidən qusul alması lazım deyil.

Məsələ: 414.Qəlilə istihazəsi olan qadın dəstəmazdan sonra, kəsirə və mütəvəssitə istihazəsi olan qadın isə qusul və dəstəmazdan sonra dərhal namaza başlamalıdır. Amma azanı və iqaməni deməyin, namazdan əvvəl olan duaları oxumağın eybi yoxdur. Namazda da qunut və s. kimi müstəhəb işləri yerinə yetirə bilər.

Məsələ: 415.Əgər müstəhazə qadın qusul və namaz arasında fasilə salsa yenidən qusul etməli və dərhal namaza başlamalıdır. Amma qan onun ovrətinin daxili fəzasına gəlməsə qusul lazım deyil.

Məsələ: 416.Əgər istihazə qadının qanı axsa və dayanmasa, bu halda zərəri olmazsa qusldan qabaq və sonra pambıq vasitəsilə qanın axmasının qarşısını almalıdır. Amma əgər həmişə axmasa, yalnız dəstəmaz və qusldan sonra qanın qabağını almalıdır. Əgər e”tinasızlıq etsə və qan çölə gəlsə, ehtiyat-vacibə görə qusul etməli, dəstəmaz da almalıdır. Namazı da qılmış olsa yenidən qılmalıdır.

Məsələ: 417.Əgər qusul aldığı vaxtda qan dayanmasa, quslu səhihdir. Amma əgər qusul əsnasında mütəvəssitə istihazə kəsirəyə çevrilsə vacibdir ki, quslu yenidən başlasın.

Məsələ: 418.Ehtiyat-vacib budur ki, istihazəsi olan qadın oruc olduğu bütün gün ərzində mümkün qədər qanın çölə gəlməsinin qarşısını alsın.

Məsələ: 419.Qusul etməyin vacib olduğu müstəhazə qadının orucu o vaxt səhihdir ki, gündəlik namazlar üçün vacib olan qusulları gün ərzində yerinə yetirsin. Həmçinin ehtiyat-vacibə əsasən sabahı oruc tutacağı günün axşamı məğrib və işa namazı üçün quslu yerinə yetirsin. Amma məğrib və işa namazı üçün qusul etməsə, sübh azanından qabaq gecə namazı üçün qusul etsə və gün ərzində də gündəlik namazlarda vacib olan qusulları yerinə yetirsə, orucu səhihdir.

Məsələ: 420.Əgər əsr namazından sonra müstəhazə olsa və qüruba qədər qusul etməsə, orucu səhihdir.

Məsələ: 421.Əgər qəlilə istihazəsi olan qadın namazdan əvvəl mütəvəssitə, (yaxud kəsirə) olsa, bu halda mütəvəssitənin, (yaxud kəsirənin) qeyd olunan əməllərini yerinə yetirməlidir. Əgər mütəvəssitə istihazə kəsirə olsa, bu halda kəsirə istihazənin işlərini yerinə yetirməlidir. Deməli mütəvəssitə istihazə üçün qusul almış olsa, faydası yoxdur: kəsirə istihazə üçün yenidən qusul almalıdır.

Məsələ: 422. Əgər namaz əsnasında mütəvəssitə istihazə kəsirəyə dönsə, namazı pozmalı, kəsirə istihazə üçün qusul edib dəstəmaz almalı və onun sair işlərini yerinə yetirib həmin namazı qılmalıdır. Əgər qusul və dəstəmazdan heç biri üçün vaxt olmasa, iki təyəmmüm etməlidir: biri qusul əvəzindən, digəri isə dəstəmaz əvəzindən. Əgər bunlardan biri üçün vaxt olmasa həminkinin əvəzindən təyəmmüm almalı, digərini də yerinə yetirməlidir. Amma əgər təyəmmüm üçün də vaxt olmasa, namazı poza bilməz; namazı qurtarmalı, ehtiyat-vacibə görə qəzasını da qılmalıdır. Həmçinin əgər namaz əsnasında qəlilə istihazə mütəvəssitəyə, yaxud kəsirəyə çevrilsə də bu qayda ilə əməl etməlidir.

Məsələ: 423.Əgər namaz əsnasında istihazəsi olan qadının qanı dayansa və o, batinində də dayanıb-dayanmadığını bilməsə, bu halda namazdan sonra (batinində də) dayandığını bilsə, ehtiyat-vacibə görə dəstəmaz, qusul və namazı təzədən yerinə yetirməlidir.

Məsələ: 424.Əgər kəsirə istihazəsi olan qadının qanı mütəvəssitəyə çevrilsə, bu halda birinci namaz üçün kəsirə, sonrakı namazlar üçün isə mütəvəssitə istihazənin əməllərini yerinə yetirməlidir. Məsələn, əgər zöhr namazından qabaq kəsirə, mütəvəssitəyə çevrilsə, bu halda zöhr namazı üçün qusul etməli, əsr, məğrib və işa namazları üçün yalnız dəstəmaz almalıdır. Amma əgər zöhr namazı üçün qusul etməsə və təkcə əsr namazı qılmaq miqdarında vaxt qalsa, onda əsr namazı üçün qusul etməlidir. Əgər əsr namazı üçün də qusul etməsə, gərək məğrib namazı üçün qusul etsin. Onun üçün də qusul etməsə və işa namazı miqdarında vaxt qalsa, işa namazı üçün qusul etməlidir.

Məsələ: 425.Əgər hər namazdan qabaq kəsirə istihazə qanı dayanıb yenidən gəlsə hər namaz üçün bir qusul etməlidir.

Məsələ: 426.Əgər kəsirə istihazə qəliləyə çevrilsə, gərək birinci namaz üçün kəsirə, sonrakı namazlar üçün qəlilə istihazə əməllərini yerinə yetirsin. Həmçinin əgər mütəvəssitə istihazə qəlilə olsa, gərək birinci namaz üçün mütəvəssitə, sonrakı namazlar üçün isə qəlilə istihazə əməllərini yerinə yetirsin.

Məsələ: 427.Əgər istihazəli qadın ona vacib olan əməllərdən hər hansı birini, hətta pambığı dəyişməyi tərk etsə onun namazı batildir.

Məsələ: 428.Qəlilə istihazəsi olan qadın, namazdan başqa, dəstəmazla şərtlənən bir iş görmək istəsə, (məsələn, bədəninin hər hansı yerini Quranın yazısına vurmaq istəsə) ehtiyat-vacibə görə dəstəmaz almalıdır. Çünki namaz üçün aldığı dəstəmaz kifayət deyildir.

Məsələ: 429.Əgər istihazəsi olan qadın özünə vacib olan qusulları yerinə yetirsə, məscidə getmək, orada dayanmaq, vacibi səcdəsi olan Surələri oxumaq, əri ilə yaxınlıq etmək və s. kimi işlər–hətta namaz üçün vacib olan sair əməlləri (dəstəmaz almaq, pambığı dəyişmək, dəsmal qoymaq) yerinə yetirməmiş olsa da–ona halal olur.

Məsələ: 430.Əgər kəsirə və ya mütəvəssitə istihazəsi olan qadın namaz vaxtından qabaq bədəninin hər hansı yerini Quran yazısına vurmaq istəsə qusul etməli və dəstəmaz da almalıdır.

Məsələ: 431.Ayət namazı müstəhazə qadına vacibdir və bu namaz üçün də gündəlik namaz üçün vacib olan əməlləri yerinə yetirməlidir.

Məsələ: 432.Əgər yovmiyyə namazı vaxtında, müstəhazə qadına ayət namazı da vacib olsa və o, hər ikisini bir-birinin ardınca qılmaq istəsə, gərək ayət namazı üçün də yovmiyyə namazı üçün olan əməllərin hamısını yerinə yetirsin. Və hər iki namazı bir qusul və bir dəstəmazla yerinə yetirə bilməz.

Məsələ: 433. Müstəhazə qadın qəza namazı qılmaq istəsə hər namaz üçün əda namazında vacib olan əməlləri yerinə yetirməlidir.

Məsələ: 434.Əgər qadın ondan xaric olan qanın yara qanı olmadığını bilsə və şər”ən də heyz və nifas hökmündə deyilsə, gərək istihazə göstərişlərinə əməl etsin. Hətta əgər qanın istihazə qanı, yoxsa sair qanlar olduğunda şəkk etsə, bu halda sair qanların əlamətləri olmasa, ehtiyat-vacibə görə istihazə əməllərini yerinə yetirməlidir.