Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

SƏCDƏ

Məsələ: 1066. Namaz qılan şəxs vacib və müstəhəb namazların hər rəkətində rükudan sonra iki səcdə etməlidir. Səcdə o əməldir ki, alın, iki əlin içi, iki dizin gözü və iki ayağın baş barmağının ucu yerə qoyulsun.

Məsələ: 1067.İki səcdə birlikdə bir rükndür ki, bir kəs vacibi namazda qəsdən və ya unudaraq hər ikisini tərk etsə, yaxud onlara iki səcdə əlavə etsə, namazı batildir.

Məsələ: 1068.Əgər qəsdən bir səcdəni artırıb-azaltsa, namazı batildir, amma səhvən etsə bunun hökmü sonrakı məsələlərdə deyiləcək.

Məsələ: 1069.Əgər alnı qəsdən və ya səhvən yerə qoymasa–hətta sair səcdə ə”zalarını yerə qoysa da, səcdə etməmişdir. Amma əgər alnını yerə qoyub sair səcdə üzvlərini səhvən yerə qoymasa, yaxud səhvən səcdənin zikrini deməsə, namazı səhihdir.

Məsələ: 1070.Səcdədə hər zikr deyilsə, kifayətdir. Bu şərtlə ki, onun miqdarı üç dəfə “subhanəllah” və ya bir dəfə “subhanə Rəbbiyəl ə”la və bi həmdih”dən az olmasın. Müstəhəbdir ki “subhanə Rəbbiyəl ə”la və bi həmdih” 3, 5, 7 dəfə deyilsin.

Məsələ: 1071.Səcdədə vacib zikr deyilən vaxt bədən aram olmalıdır. Hətta müstəhəb zikrdə belə, əgər onu səcdədə göstəriş verilən zikr niyyəti ilə oxusa, bədənin aram olması lazımdır.

Məsələ: 1072.Əgər alnı yerə çatmazdan və bədən aramlaşmamışdan qabaq qəsdən səcdənin zikrini desə, yaxud zikr tamam olmamışdan qabaq qəsdən başını səcdədən götürsə, namazı batildir.

Məsələ: 1073.Əgər alnı yerə çatmazdan və bədən aramlaşmamışdan qabaq səhvən, səcdənin zikrini desə və başını səcdədən götürməzdən qabaq səhv etdiyini bilsə, gərək yenidən, bədəni aram olan halda zikri desin.

Məsələ: 1074.Əgər başını səcdədən götürdükdən sonra zikri, bədənin aram olmadığı halda dediyini, yaxud səcdənin zikri tamam olmamışdan qabaq başını qaldırdığını bilsə, namazı səhihdir.

Məsələ: 1075.Səcdənin zikrini dediyi vaxt əgər yeddi səcdə üzvündən birini qəsdən yerdən qaldırsa, namazı batildir. Amma zikr demədiyi vaxt alından başqa, sair üzvləri yerdən qaldırıb yenidən yerə qoysa, eybi yoxdur.

Məsələ: 1076.Əgər səcdənin zikri tamam olmamışdan qabaq səhvən alnını yerdən qaldırsa, yenidən yerə qoya bilməz və onu bir səcdə hesab etməlidir. Amma əgər sair səcdə üzvlərini səhvən yerdən qaldırsa, gərək yenidən yerə qoyub zikri desin.

Məsələ: 1077. Birinci səcdənin zikri qurtarandan sonra qalxıb oturmaq, bədən aram olduqdan sonra yenidən səcdəyə getmək lazımdır.

Məsələ: 1078.Namaz qılanın alnının yeri dizlərinin və (ayaq) barmaqlarının qoyulduğu yerdən dörd bağlı barmaqdan alçaq və ya uca olmamalıdır.

Məsələ: 1079.Çala-çuxur olan və çala-çuxur olması dəqiq şəkildə mə”lum olmayan yerlərdə, ehtiyat-vacib budur ki, namaz qılanın alnını qoyduğu yer ayaqlarını və dizlərini qoyduğu yerdən dörd bağlı barmaqdan uca olmasın.

Məsələ: 1080.Əgər səhvən alnını barmaqlarının ucundan və dizlərindən dörd bağlı barmaqdan hündür olan yerə qoysa və onun ucalığı “səcdə halındadır” deyilməyəcəyi qədərdirsə, bu halda başını qaldırıb ucalığı dörd bağlı barmaq, yaxud ondan az olan şeyin üstünə qoya bilər, yaxud başını hündürlüyü dörd bağlı barmaq və ya ondan da az olan şeyin üstünə çəkə bilər. Amma əgər onun ucalığı çox az olsa və “səcdə halındadır”, deyilsə, ehtiyat-vacib budur ki, alnını onun üstündən dörd bağlı barmaq, yaxud ondan da az olan şeyin üstünə çəksin. Əgər alnı çəkmək mümkün olmasa, ehtiyat-vacibə görə namazı qurtarıb yenidən qılmalıdır.

Məsələ: 1081.Alın ilə səcdə edilən şeyin arasında bir şey olmamalıdır. Deməli, möhür çox çirkli olsa və alının özü möhürə dəyməsə, səcdə batildir. Amma, misal üçün, möhürün rəngi dəyişmiş olsa eybi yoxdur.

Məsələ: 1082.Səcdədə əllərin içi yerə qoyulmalıdır. Amma çarəsizlik halında əllərin üstünü yerə qoymağın maneəsi yoxdur. Əgər bu da mümkün olmasa, onda bilək yerə qoyulmalıdır; bu da mümkün olmasa dirsəyə qədər olan hər yer mümkün olsa, onu yerə qoyulmalıdır; bu da mümkün olmasa qolun qoyulması kifayətdir.

Məsələ: 1083.Səcdədə ehtiyat-vacibə görə ayağın iki baş barmağının ucu yerə qoyulmalıdır. Əgər başqa barmaqlar, yaxud ayağın üstü yerə qoyulsa və ya dırnağın uzun olması səbəbilə barmağın başı yerə dəyməsə, namaz batildir. Məsələni bilməməzlik üzündən öz namazlarını bu cür qılan bir kəs ehtiyat-müstəhəbbə görə onu yenidən qılmalıdır.

Məsələ: 1084.Əgər bir kəsin ayağının baş barmağının bir miqdarı kəsilibsə, gərək onun qalan hissəsini yerə qoysun. Amma əgər o baş barmaqdan heç nə qalmayıbsa, yaxud qalanlar çox qısadırsa, onda sair barmaqları qoymalıdır. Əgər ümumiyyətlə barmağı olmasa, ayağın nə qədər hissəsi varsa oranı yerə qoymalıdır.

Məsələ: 1085.Əgər bir kəs qeyri-adi halda səcdə etsə (məsələn, qarnını və sinəsini yerə yapışdırsa), ehtiyat-vacibə görə namazı yenidən qılmalıdır. Əgər ayaqlarını uzatsa, hətta yeddi səcdə üzvü yerdə olsa da, namazı yenidən qılmalıdır.

Məsələ: 1086.Möhür, yaxud səcdə olunan sair şeylər pak olmalıdır. Amma misal üçün, möhürü nəcis palazın üstünə qoysalar, yaxud möhürün bir tərəfi nəcis olsa və alın (o biri) pak tərəfə qoyulsa eybi yoxdur.

Məsələ: 1087.Əgər alında çiban və s. kimi şeylər olsa, mümkün olan surətdə alının sağlam yerləri ilə səcdə etməlidir. Əgər mümkün olmasa yeri bir az çala edib çibanı çalaya salmalı və alının səcdə üçün kifayət edən sağlam yerini yerə qoymaq lazımdır.

Məsələ: 1088. Əgər çiban, yara alının hər yerini tutmuş olsa, onda alının iki tərəfindən biri ilə səcdə edilməlidir. Əgər bu da mümkün olmasa çənə ilə; çənə ilə də mümkün olmasa ehtiyat-vacibə görə üzün mümkün olan hər yeri ilə səcdə etməlidir. Üzünün də heç bir yeri mümkün olmasa, başının qabağı ilə səcdə etməlidir.

Məsələ: 1089.Alnını yerə çatdıra bilməyən bir kəs bacardığı qədər əyilib möhürü, yaxud səcdənin səhih olduğu başqa bir şeyi uca bir şeyin üstünə qoymalı, alnını da onun üstünə elə qoymalıdır ki, “səcdə edir” desinlər. (Əgər möhürü yuxarı qaldırıb alnına yapışdırsa, səcdə səhih deyildir.) Amma əllərin içini, dizləri, ayaqların barmaqlarını adi qaydada yerə qoymalıdır.

Məsələ: 1090.Ümumiyyətlə əyilə bilməyən bir kəs səcdə üçün yerə oturub başı ilə işarə etməlidir. Əgər bunu da edə bilməsə, gözləri ilə işarə etməlidir. Hər iki halda ehtiyat budur ki, mümkün olarsa, möhürü qaldırıb alnına qoysun; əgər başı və gözləri ilə də işarə edə bilməsə, qəlbində səcdə niyyəti etməli, ehtiyat-vacibə görə əli və s. ilə səcdəyə işarə etməlidir.

Məsələ: 1091.Otura bilməyən bir adam ayaq üstə səcdə niyyəti etməlidir. Əgər mümkündürsə, başı ilə səcdə üçün işarə etməlidir. Bunu da edə bilməsə gözləri ilə işarə etməlidir (yə”ni, gözlərini səcdə niyyəti ilə yummalı, başını səcdədən qaldırmaq niyyəti ilə gözlərini açmalıdır); və əgər bunu da edə bilməsə, qəlbində səcdə niyyəti edib ehtiyat-vacibə görə əli və s. ilə səcdəyə işarə etməlidir.

Məsələ: 1092.Əgər alın ixtiyarsız olaraq səcdə yerindən qalxsa, bu halda mümkün olarsa, qoymamalıdır ki, yenidən səcdə yerinə qayıtsın (və bu, bir səcdə hesab olunur–istər səcdənin zikrini demiş olsun, istərsə də deməmiş olsun). Əgər başını saxlaya bilməsə və ixtiyarsız olaraq yenidən səcdə yerinə qayıtsa, üst-üstə bir səcdə hesab olunur. Və (əvvəldə) zikri deməmişdirsə, bu dəfə deməlidir.

Məsələ: 1093.İnsan təqiyyə etməli olduğu yerlərdə palaz və bu kimi şeylərə səcdə edə bilər: namaz üçün başqa yerə getməsi lazım deyil. Amma əgər o məkanda həsir, daş, yaxud səcdənin səhih olduğu sair şeylər mövcud olsa, gərək onun üstünə səcdə etsin.

Məsələ: 1094.Əgər bədənin üstündə aramlaşmadığı bir şeyin üstünə səcdə etsə, batildir. Amma dolu döşəyin, yaxud başı qoyduqdan və bir az aşağı getdikdən sonra aramlaşan şeylərin üstünə səcdə etməyin eybi yoxdur.

Məsələ: 1095.Əgər insan palçıqlı torpaqda namaz qılmağa məcbur olsa və bədən, yaxud paltarının palçığa bulaşmasının onun üçün məşəqqəti olmazsa, səcdə və təşəhhüdü adi qaydada etməlidir; yox əgər məşəqqəti olsa, ayaq üstə olan halda səcdə üçün başı ilə işarə edib, təşəhhüdü də ayaq üstə oxuya bilər. Lakin təşəhhüdü və səcdəni adi qaydada da yerinə yetirsə, namazı səhihdir.

Məsələ: 1096.Təşəhhüdün vacib olmadığı yerlərdə (zöhr, əsr və işa namazlarının üçüncü rəkətində) ikinci səcdədən sonra daha yaxşı olar ki, bir anlığa oturub, sonrakı rəkət üçün qalxsın. Buna “istirahət oturuşu” deyilir.

SƏCDƏ ETMƏYİN SƏHİH OLDUĞU ŞEYLƏR

Məsələ: 1097.Səcdə yerə, habelə yerdən göyərib yeyilməli olmayan şeylərə (çubuq, ağacın yarpağı və s.) edilməlidir. Yeyilən və geyilən şeylərə səcdə etmək səhih deyildir. Həmçinin, mə”dəndən çıxarılan faydalı qazıntılara (məsələn, filizlərə, qızıla, gümüşə, əqiqə, firuzəyə və s.) səcdə etmək batildir. Amma mə”dəndən çıxarılan daşlara (mərmər daşı, qara daşlar kimi) səcdə etməyin eybi yoxdur.

Məsələ: 1098.Üzüm ağacının yarpağına səcdə etmək təzə halda olarsa caiz deyil, amma quruduqdan sonra ona səcdə etmək olar.

Məsələ: 1099. Yerdən göyərən və heyvanların yemi olan şeylərə (ot, saman kimi) səcdə etmək səhihdir.

Məsələ: 1100. Yeyilməyən güllərə səcdə etmək səhihdir. Amma, yerdən göyərən və yeyilən dərman bitkilərinə (bənövşə, maldili kimi) səcdə etmək səhih deyildir.

Məsələ: 1101.Yeyilməsi bə”zi yerlərdə adət olan, bə”zi yerlərdə isə adət olmayan bitkilərə, həmçinin, yetişməmiş meyvəyə səcdə etmək səhih deyildir. Amma tütünə səcdə etmək caizdir.

Məsələ: 1102.Əhəng daşına, gəc daşına səcdə etmək səhihdir. Hətta bişmiş gəcə, əhəngə, kərpicə, palçıq kuzəyə və bu kimi şeylərə də səcdə etmək olar.

Məsələ: 1103.Əgər kağızı, səcdənin səhih oludğu şeydən (məsələn, saman, yaxud ağacdan) düzəltsələr, ona səcdə etmək olar. Pambıqdan hazırlanan kağıza səcdə etməyin eybi yoxdur. Amma ehtiyat-vacibə görə ipəkdən hazırlanan kağıza səcdə etmək olmaz.

Məsələ: 1104.Səcdə üçün hər şeydən yaxşı Həzrət Seyyidüş-Şühəda (əleyis-salam)-ın türbətidir. Ondan sonra adi torpaq, sonra daş və daha sonra bitkilərdir.

Məsələ: 1105.Əgər bir kəsin səcdənin səhih olduğu şeyləri olmasa, yaxud olmasına baxmayaraq, şiddətli soyuq, istilik, yaxud təqiyyə və s. kimi səbəblər üzündən ona səcdə edə bilməsə, bu halda onun paltarı pambıq və ya kətandan toxunmuş olsa, ona səcdə etməlidir. Amma paltar başqa şeydən toxunmuş olsa, həmin paltara səcdə etməlidir; o da olmasa, əlinin üstünə səcdə etməlidir; bu da mümkün olmasa, mə”dəndən çıxarılan şeylərə (əqiq üzük kimi) səcdə etməlidir.

Məsələ: 1106.Palçığa və alnın aram olmadığı yumşaq torpağa səcdə etdikdə, əgər bir miqdar gedəndən sonra aramlaşırsa, eybi yoxdur.

Məsələ: 1107.Əgər birinci səcdədə möhür alına yapışsa və alnından qoparmadan yenidən səcdəyə getsə, eybi yoxdur və iki səcdə hesab olunur. Amma daha yaxşı olar ki, möhürü alnından qopartsın.

Məsələ: 1108.Əgər namaz əsnasında səcdə etdiyi şey yoxa çıxsa və səcdənin səhih olduğu başqa bir şey olmasa, bu halda vaxt çox olsa və başqa yerdə səcdənin səhih olduğu şey mövcuddursa, namazı pozmalıdır. Əgər vaxt azdırsa, yaxud səcdənin səhih olduğu şey yoxdursa, paltarına–əgər pambıq və kətandan toxunubsa–səcdə etməlidir. Amma başqa şeydən toxunmuş olsa, həmin şeyə səcdə etməlidir. Bu da mümkün olmasa, əlin üstünə, o da mümkün olmasa ehtiyata görə mə”dəndən çıxarılan şeylərə (əqiq üzük kimi) səcdə etməlidir.

Məsələ: 1109.Əgər insan səcdə halında, alnını, səcdənin batil olduğu şeyin üstünə qoyduğunu bilsə, mümkün olan surətdə alnını həmin şeyin üstündən səcdənin səhih olduğu şeyin üstünə çəkməlidir. Əgər vaxt azdırsa, əvvəlki məsələdə deyilənlərə uyğun olaraq əməl etməlidir.

Məsələ: 1110.Əgər səcdədən sonra, alnını səcdənin batil olduğu şeyin üstünə qoyduğunu bilsə, eybi yoxdur.

Məsələ: 1111. Allah-Taaladan başqası üçün səcdə etmək haramdır. Avam camaatdan bə”zilərinin İmamlar (əleyhimüs-salam)-ın qəbirləri müqabilində alınlarını yerə qoymaları Allaha şükür etmək niyyəti ilə olsa, eybi yoxdur; əks halda (yə”ni şükür üçün olmazsa) haramdır.