Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

ŞİRKƏTİN HÖKMLƏRİ

Məsələ: 2204.Əgər iki nəfər bir-biri ilə şirkət etmək (şərik olmaq) istəsələr, bu halda hər biri öz malının müəyyən miqdarını o birinin malı ilə bir yerə qatsalar, belə ki, camaat arasında bir-birindən ayrılmaz hesab olunsa və ərəbcə, yaxud başqa dildə şirkətin siyğəsini oxusalar, yaxud şərik olmalarını göstərən müəyyən bir iş görsələr, onların şirkəti səhihdir.

Məsələ: 2205.Əgər bir neçə nəfər öz işlərindən aldıqları muzdda bir-birləri ilə şirkət etsələr (məsələn, dərzilər, yaxud zavod fəhlələri aldıqları muzdu bir-biri ilə bölməyi qərara alsalar) onların şirkəti səhih deyil və hər biri öz işinin muzdunun malikidir. Amma əgər muzd aldıqları şeyi razılıq əsasında bölmək istəsələr, eybi yoxdur.

Məsələ: 2206.Əgər iki nəfər bir-birilə, hər birinin öz şərti ilə müəyyən bir mal alıb qiymətini özünə borclu olmaq, amma hər birinin aldığı malda və onun istifadəsində bir-biri ilə şərik olmaları əsasda şirkət etsələr, səhih deyil. Amma əgər onlardan hər biri başqasını, malı onun üçün müştərək şəkildə almağa vəkil etsə, bu halda şirkətləri səhihdir.

Məsələ: 2207.Şirkət əqdi vasitəsilə bir-biri ilə şərik olan kəslər mükəlləf, aqil olub qəsd və ixtiyar üzündən şirkət etməlidirlər. Həmçinin gərək öz malında təsərrüf edə bilsinlər. Deməli, öz malını boş və əbəs yerlərdə məsrəf edən səfeh adam şirkət etsə, öz malında təsərrüf etmək haqqı olmadığından səhih deyil. Həmçinin, cameüş-şərait müctehidin tərəfindən müflisləşməsinə dair hökm verilən müflis də bu qayda ilə.

Məsələ: 2208.Əgər şirkət əqdində işləyən şəxsin, yaxud o birisindən daha çox işləyən şəxsin daha çox mənfəət aparmasını, yaxud işləməyən və ya az işləyən şəxsin (güzəşt və ya başqa səbəblərə görə) artıq mənfəət aparmasını şərt etsələr, bu şərtə əməl etməlidirlər.

Məsələ: 2209.Əgər güzəşt, yaxud başqa səbəblərə görə bütün gəliri bir nəfər aparmasını, yaxud zərərin hamısını və ya çox hissəsini onlardan birinin verməsini qərara alsalar, şirkət və qərar–hər ikisi səhihdir.

Məsələ: 2210.Əgər şəriklərdən birinin daha çox mənfəət aparmasını şərt etməsələr, bu halda onların sərmayələri eyni qədərdə olsa mənfəət və zərəri də eyni aparmalıdırlar; yox əgər sərmayələri eyni qədərdə olmasa, mənfəət və zərəri də sərmayələrinə mütənasib olaraq bölməlidirlər. Məsələn, iki nəfər şirkət etsə və onlardan birinin sərmayəsi digərindən ikiqat artıq olsa, onun mənfəət və zərərdən olan payı o birisindən ikiqat artıqdır–istər hər ikisi bir qədərdə işləsinlər, istərsə də biri az işləsin, ya ümumiyyətlə işləməsin.

Məsələ: 2211. Əgər şirkət əqdində hər ikisinin birlikdə al-ver etməsini, yaxud hər ikisinin təklikdə, yaxud onlardan təkcə birinin müamilə etməsini şərt etsələr, qərarlarına əməl etməlidirlər.

Məsələ: 2212.Əgər onlardan hansının sərmayə ilə al-ver etməsini müəyyənləşdirməsələr, heç biri digərinin icazəsi olmadan o sərmayə ilə müamilə edə bilməz. Amma bir müamilədə icazə versələr və sonrakı müamilələrdə də təzə icazəyə lazım olmasa, birinci icazə kifayətdir.

Məsələ: 2213.Şirkətin sərmayəsinin ixtiyarı öhdəsinə olan şərik şirkətin qərarlarına əməl etməlidir. Məsələn, əgər onunla nisyə və ya nəqd satmasını, malları məxsus yerdən almasını qərara alsalar, gərək həmin qərara uyğun əməl etsin. Əgər belə qərar qoymasalar ehtiyat-vacibə görə gərək şirkətin məsləhətinə olan al-ver etməlidir. Müamiləni adi qaydada və şirkətin məsləhətinə uyğun olaraq yerinə yetirməlidir. Deməli əgər misal üçün, malın nəqd satılması, yaxud şirkətin malını səfərdə özü ilə aparmaması adət olsa, bu halda şirkətin məsləhəti olsa elə o cür əməl etməlidir. Əgər nisyə verməsi, yaxud malı səfərə aparması adət olsa şirkətin məsləhətinə uyğun olaraq əməl etməlidir.

Məsələ: 2214.Şirkətin sərmayəsi ilə müamilə edən şərik onunla bağlanan qərarın əksinə olaraq al-ver etsə və şirkətə xəsarət dəysə, zamindir. Amma sonrakı müamilələrdə qərara uyğun əməl etsə səhihdir. Həmçinin əgər onunla qərar bağlamamış olsalar və adətin, məsləhətin əksinə müamilə etsə zamindir. Amma əgər sonrakı müamilələrdə adətə və məsləhətə uyğun olaraq müamilə etsə səhihdir. Əgər şəriklərin icazəsi, şərtə xilaf çıxdığı halda müamilə etməyə haqqı olmaması əsasda olarsa, sonrakı müamiləsi də səhih deyil.

Məsələ: 2215.Şirkətin sərmayəsi ilə müamilə edən şərik əgər sərmayəni saxlamaqda ifrat, səhlənkarlıq etməsə və onun bir qismi, yaxud hamısı təsadüfən tələf olsa, zamin deyil.

Məsələ: 2216.Şirkətin sərmayəsi ilə müamilə edən şərik əgər “sərmayə tələf olmuşdur” desə və cameüş-şərait müctehidin yanında and içsə, sözü qəbul olunmalıdır.

Məsələ: 2217.Əgər bütün şəriklər bir-birinə, malda təsərrüf etməyə dair verdikləri icazədən dönsələr heç biri şirkətin malında təsərrüf edə bilməz. Həmçinin əgər onlardan biri öz icazəsindən dönsə, sair şəriklərin təsərrüf haqqı yoxdur. Hətta icazəsindən dönən şəxsin özü də şirkətin malında təsərrüf edə bilməz.

Məsələ: 2218.Hər vaxt şəriklərdən biri şirkətin sərmayəsini bölüşdürməyi təklif etsə, hələ şirkətin müddətinin qurtarmamasına baxmayaraq, sair şəriklər qəbul etməlidir.

Məsələ: 2219.Əgər şəriklərdən biri ölsə, yaxud dəli, huşsuz, səfeh olsa, yaxud cameüş-şərait müctehid onun öz malında təsərrüf etməsini qadağan etsə, sair şəriklər şirkətin malında təsərrüf edə bilməzlər.

Məsələ: 2220.Əgər şərik özü üçün bir şeyi nisyə alsa zərər və ya mənfəəti onun özününküdür. Amma şirkət üçün alsa və şəriki də o müamiləyə razı olduğunu desə, mənfəət və zərəri hər ikisinə çatır.

Məsələ: 2221.Əgər şirkətin sərmayəsi ilə müəyyən müamilə edib sonradan şirkətin batil olduğunu başa düşsələr, bu halda şəriklərdən hər birinin icazəsi şirkətin səhih olması ilə şərtlənməsə müamilə səhihdir və o müamilədən əldə olunan şeylər onların hamısının malıdır. Əgər onlardan hər birinin icazəsi, şirkətin səhih olması ilə şərtlənmiş olsa, yerinə yetirilən müamilə “füzuli”dir: yə”ni sonradan o müamiləyə razı olsalar müamilə səhih, əks halda batildir. Füzuli müamilədə şəriklərin etdiyi işin muzdu yoxdur.

SÜLHÜN (RAZILAŞMA) HÖKMLƏRİ

Məsələ: 2222. Sülh budur ki, insan başqası ilə razılaşsın ki, malının, yaxud onun mənfəətinin bir miqdarını onun mülkü etsin; yaxud tələbindən, haqqından keçsin ki, o da əvəzində malının, yaxud onun mənfəətinin bir miqdarını ona həvalə etsin və ya tələbindən, haqqından keçsin. Hətta əgər əvəz almadan malın, yaxud onun mənfəətinin müəyyən miqdarını bir kəsə həvalə etsə, yaxud tələbindən, haqqından keçsə yenə də sülh səhihdir.

Məsələ: 2223.Bir şeyi bir-biri ilə sülh edən iki nəfər gərək baliğ, aqil olsunlar. Bu işə onları bir kəs məcbur etməsin, özlərinin də sülh qəsdi olsun, cameüş-şərait müctehid onların öz mallarında təsərrüf etmələrini qadağan etməsin.

Məsələ: 2224.Sülh siyğəsinin ərəbcə oxunması lazım (ilzami) deyil. Hətta bir-biri ilə sülh və razılaşdığını başa salan hər söz ilə olsa səhihdir.

Məsələ: 2225.Əgər bir kəs öz qoyunlarını, bir il saxlayaraq südündən istifadə edib bir miqdar yağ versin deyə, çobana versə, bu halda qoyunların südünü çobanın zəhmətləri və o yağın müqabilində sülh etsə yağın o südün özündən hasil olmasını şərtləşməsələr, səhihdir. Amma əgər qoyunları bir il müddətində çobana onların südündən istifadə edib əvəzində bir miqdar yağ versin deyə icarəyə versə işkalı var.

Məsələ: 2226.Əgər bir kəs öz tələbini və ya haqqını başqasına sülh etmək istəsə, onun qəbul etdiyi halda səhihdir. Amma əgər sülh olmadan öz haqqından və ya tələbindən keçmək istəsə onu qəbul etmək lazım (ilzami) deyil.

Məsələ: 2227.Əgər insan öz borcunun miqdarını bilsə, amma borclu olduğu şəxs miqdarını bilməsə, bu halda borc sahibi öz borcunu olduğu miqdardan az ilə sülh etsə (məsələn, onda 50 tümən borcu olsa və öz borcunu 10 tümənə sülh etsə) borclu şəxsə qalan artıq miqdar halal deyil. Amma əgər borcunun miqdarını ona deyib razı salsa, yaxud əgər öz borcunun miqdarını bilmiş olsaydı həmin miqdarla da sülh edəcəkdisə də (halal olur).

Məsələ: 2228.Əgər çəkiləri mə”lum və bir cinsdən olan iki şeyi bir-birinə sülh etmək istəsələr, o halda səhih olar ki, birinin çəkisi digərindən çox olmasın. Amma çəkisi mə”lum olmasa, hətta birinin çəkisinin digərindən artıq olması ehtimalını versələr də sülh səhihdir.

Məsələ: 2229.Əgər iki nəfərin bir nəfərdə, yaxud iki nəfərin başqa iki nəfərdə borcu olsa və öz borclarını bir-birinə sülh etmək istəsələr, bu halda onların borcu bir cinsdən və çəkiləri də eyni olsa (məsələn, hər ikisi 10 “mən” buğda borc vermiş olsa) onların sülhü səhihdir. Həmçinin əgər onların borc verdiyi şeyin cinsi bir olmasa da (məsələn, biri 10 “mən” düyü, digəri isə 12 “mən” buğda olsa) sülhü səhihdir. Amma əgər onların tələbi bir cinsdən və adətən çəki və ya peymanə ilə müamilə olunan şeydən olsa onların çəkisi və ya peymanəsi bərabər olmasa, sülh batildir.

Məsələ: 2230.Əgər bir kəsin başqasında müəyyən müddətdən sonra alacağı borc olsa, bu halda öz borcunu az miqdarla sülh etsə və məqsədi də öz tələbinin müəyyən miqdarını güzəştə gedib qalanını nəqd almaq olsa, eybi yoxdur.

Məsələ: 2231.Əgər iki nəfər müəyyən bir şeyi biri-birilə sülh etsələr qarşılıqlı razılığa əsasən, sülhü poza bilərlər. Həmçinin əgər müamilə hər ikisi, yaxud biri üçün müamiləni pozmaq haqqı qoymuş olsalar, o haqqı olan şəxs sülhü poza bilər.

Məsələ: 2232.Nə qədər ki, satıcı və alıcı müamilə məclisindən dağılışmayıblar müamiləni poza bilərlər; həmçinin əgər müştəri heyvanı alsa üç günə qədər müamiləni pozmaq haqqı var. Habelə əgər nəqd aldığı malın pulunu üç gün müddətində verməsə və malı da təhvil almasa, satıcı müamiləni poza bilər. Amma malı sülh edən bir kəsin bu üç halda sülhü pozmaq haqqı yoxdur. Ancaq üstündə müsalihə (razılaşma) edilən malı verməkdə adi haldan çox tə”xirə salsa, yaxud müsahilə olunan malın nəqd verilməsi şərt olunsa müqabil tərəf də şərtə əməl etməsə, bu halda sülhü poza bilərlər, al-verin hökmlərində deyilən sair hallarda da sülhü poza bilərlər.

Məsələ: 2233. Əgər bir kəsin sülh ilə aldığı şey eybli çıxsa, sülhü poza bilər. Amma əgər sağlam və eybli mal arasındakı qiymət fərqini almaq istəsə, işkal məhəllidir.

Məsələ: 2234.Əgər bir kəs öz malını başqası ilə sülh etsə və onunla, “öləndən sonra varisim olmasa, səninlə sülh etdiyim şeyi vəqf etməlisən” deyə şərt etsə və o da bu şərti qəbul etsə, öz şərtinə əməl etməlidir.