Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

QƏSBİN HÖKMLƏRİ

Qəsb odur ki, insan zülm ilə bir kəsin malına, yaxud haqqına hakim kəsilsin (ələ keçirsin). Bu da böyük günahlardan biridir ki, bu işi görən şəxs Qiyamət günüdə ağır əzaba düçar olacaq. Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət olunub ki, hər kəs bir qarış torpağı başqasından qəsb etsə, Qiyamət günü o torpağı onun 7 təbəqəsindən boyunbağı kimi onun boynundan asacaqlar.

Məsələ: 2612.Əgər bir kəs camaatın məscid, mədrəsə, körpü və ümumiyyətlə sair yerlərdən istifadə etmələrinə mane olsa, onların haqqını qəsb etmişdir. Habelə, əgər bir kəs məsciddə ondan qabaq yer tutan bir kəsin yerini ələ keçirsə (qəsb sayılır).

Məsələ: 2613.İnsanın borclu olduğu şəxsin yanında girov (yaxud vəsiqə) qoyduğu şey onun yanında qalmalıdır ki, əgər onun borcunu verməsə borcunu ondan əldə etsin. Deməli əgər o şeyi, borcunu verməmişdən qabaq razılıq olmadan ondan geri alsa, haqqını qəsb etmişdir.

Məsələ: 2614.Bir kəsin yanında rəhn (girov) qoyulan bir malı başqası qəsb etsə malın sahibi və borc sahibi o şeyi ondan tələb edə bilərlər. O şeyi ondan aldıqdn sonra yenə də girovdur. Əgər o şey tələf olub aradan getsə və əvəzini alsalar o (əvəz alınan) şey də əvvəlki şeyin özü kimi girov sayılır.

Məsələ: 2615.Əgər insan bir şeyi qəsb etsə, sahibinə qaytarmalıdır. Tələf olarsa, əvəzini sahibinə verməlidir.

Məsələ: 2616.Əgər qəsb etdiyi şeydən mənfəət əldə etsə (məsələn, qəsb etdiyi qoyun doğsa) o, malın sahibinindir. Həmçinin, evi qəsb edən bir kəs orada oturmasa belə, icarəsini verməlidir.

Məsələ: 2617.Əgər uşağın, dəlinin əlindən onların malı olan şeyi qəsb etsələr, həmin şeyi qəyyumuna verməlidirlər. Əgər tələf olub aradan getsə əvəzini verməlidirlər. Uşağın və dəlinin əlinə verərsə və tələf olarsa zamindir.

Məsələ: 2618.Əgər iki nəfər birlikdə bir şeyi qəsb etsələr, hətta hər ikisinin ayrılıqda həmin şeyi qəsb edə bilməsi mümkün olsa da, onların hər biri həmin şeyi ələ keçirtməkdəki istila nisbətində zamindir. Amma əgər, onlardan hər biri həmin şeyi tam ixtiyarına keçirtsə (belə ki, istədikləri təsərrüfü edə bilsə) bu halda onlardan hər birinin ona bütövlükdə zamin olması ehtimalı gözlənilir.

Məsələ: 2619.Əgər qəsb etdiyi şeyi başqa bir şeylə (məsələn, qəsb etdiyi buğdanı arpa ilə) qarışdırsa, bu halda onların ayrılması mümkün olsa, hətta zəhməti də səbəb olsa, ayırıb sahibinə qaytarmalıdır.

Məsələ: 2620.Əgər sırğa və s. kimi şeyləri qəsb edib xarab etsə gərək onu, düzəldilməsinə lazım olan muzd ilə birlikdə sahibinə qaytarsın. Əgər onun düzəldilməsinin muzdu düzəldilmişi ilə düzəldilməmişi arasındakı təvafütdən az olarsa qiymətlər fərqini də verməlidir. Muzdu verməmək üçün “əvvəlki halda düzəldəcəyəm” desə, sahibi qəbul etməyə məcbur deyil. Həmçinin sahibi, onu əvvəlki kimi düzəltməyə məcbur edə bilməz.

Məsələ: 2621.Əgər qəsb etdiyi şeyi əvvəlkindən daha yaxşı surətdə düzəldə bilsə (məsələn, qəsb etdiyi qızıldan sırğa düzəltsə) bu halda malın sahibi “həmin halda ver” desə, verməlidir. Çəkdiyi zəhmət üçün muzd ala bilməz, hətta malikin icazəsi olmadan əvvəlki halına qaytarmağa haqqı yoxdur. Əgər icazəsi olmadan o şeyi əvvəlki halına salsa, onu düzəltməyin muzdunu da sahibinə verməlidir. Düzəldilməsinin muzdu düzəldilmiş və düzəldilməmiş arasındakı təvafütdən az olsa qiymətlər fərqini də verməlidir.

Məsələ: 2622. Əgər qəsb etdiyi şeyi əvvəlkindən daha yaxşı halda düzəltsə və malın sahibi də “onu əvvəlki hala salmalısan” desə, əvvəlki hala salması vacibdir. Əgər onun qiyməti, etdiyi dəyişikliklər səbəbi ilə əvvəlki qiymətindən az olsa qiyməti təfavütünü də sahibinə verməlidir. Deməli qəsb etdiyi qızıldan sırğa düzəltsə və onun sahibi “əvvəlki halına qaytarmalısan” desə, bu halda onun əridilməsindən sonrakı qiyməti sırğa düzəldilməsindən qabaqkı qiymətindən az olsa onun qiymət fərqini də verməlidir.

Məsələ: 2623.Əgər bir kəs qəsb etdiyi torpaqda taxıl, yaxud ağac əksə, taxıl, ağac və onun meyvəsi onun özünündür. Əgər yerin sahibi əkinin, ağacın həmin torpaqda qalmasına razı olmasa, qəsb edən şəxs hətta zərər etsə də dərhal əkini, yaxud ağacları yerdən çıxartmalıdır. Həmçinin əkin və ağac əkdiyi müddətdəki yerin icarə haqqını da yer sahibinə verməli torpaqda yaranan xarablıqları düzəltməlidir. (Məsələn, ağacı çıxartdığı yerin çalalarını doldurmalıdır.) Əgər bu işlərin vasitəsilə yerin qiyməti əvvəlki qiymətindən az olsa, onun qiymətlər fərqini də verməlidir. O, yerin sahibini, yeri ona satmağa, yaxud icarə verməyə məcbur edə bilməz. Yerin sahibi də ağacı, yaxud əkini ona satmağa məcbur edə bilməz.

Məsələ: 2624.Əgər yerin sahibi əkinin, ağacların onun yerində qalmasına razı olsa, onu qəsb edən şəxsin ağacı, yaxud əkini oradan çıxartması lazım (ilzami) deyil. Amma qəsb etdiyi müddətdən e”tibarən sahibinin razı olduğu müddətə qədər yerin icarəsini verməlidir.

Məsələ: 2625.Əgər qəsb etdiyi şey tələf olub aradan getsə, bu halda onun fərdləri eyni, yeknəsəq olmayan əksinə, müxtəlif xüsusiyyətlərə görə adətən qiymətləri fərqlənən inək, qoyun kimi şeylərdən olsa, onun pulunu verməlidir. Əgər bazarın qiyməti dəyişmiş olsa, vermək istədiyi günün qiyməti ilə hesablamalıdır. Ehtiyat-müstəhəb budur ki, qəsb etdiyi gündən verdiyi günə qədər olan ən yuxarı qiymətlə hesablasın.

Məsələ: 2626.Əgər qəsb edib tələf etdiyi şey misli çox olan maşında toxunan xalça, qab-qacaq, kitab və s. kimi şeylərdən olsa, onda mislini verməlidir. Ancaq vermək istədiyi şeyin xüsusiyyətləri qəsb edib tələf etdiyi şeyin misli kimi olmalıdır.

Məsələ: 2627.Əgər qoyun kimi fərdlərinin qiyməti bir-birindən fərqlənən bir şeyi qəsb etsə və o şey də aradan getsə, bu halda onun bazarının qiyməti fərqlənməmiş olsa, amma onun yanında olan müddətdə məsələn, kökəlmiş olsa, kökəldiyi vaxtın pulunu verməlidir.

Məsələ: 2628.Əgər qəsb etdiyi şeyi başqası ondan qəsb etsə və tələf olsa, malın sahibi əvəzini onların hər birindən ala bilər, yaxud onların hər birindən aradan gedən şeyin bir miqdarını tələb edə bilər. Əgər birincidən alsa, birinci də öz növbəsində ikincidən ala bilər. Amma əgər ikincidən alsa o, verdiyi şeyi birincidən ala bilməz.

Məsələ: 2629.Əgər satılan şeydə müamilənin şərtlərindən biri olmasa (məsələn, çəki ilə alver edilməli olan bir şey çəkisiz müamilə olunsa) müamilə batildir. Əgər satıcı və alıcı müamiləni nəzərə almadan, bir-birinin malında təsərrüf etməyə razı olsalar eybi yoxdur. Əks halda (icazə verməsələr) isə, bir-birindən aldıqları şey qəsbi mal kimidir. Onu bir-birinə qaytarmalıdırlar. Əgər hər birinin malı digərinin əlində tələf olsa, müamilənin batil olduğunu bilib-bilməmələrindən asılı olmayaraq, əvəzini verməlidirlər.

Məsələ: 2630.Əgər bir malı satıcıdan, baxmaq üçün götürsə, yaxud müəyyən müddətdə öz yanında saxlayıb bəyənəcəyi halda alkmaq üçün alsa, bu halda o mal tələf olarsa əvəzini sahibinə verməlidir.

TAPILAN ŞEYİN HÖKMLƏRİ

Məsələ: 2631.Əgər bir kəs heyvan qismindən olmayan, sahibini mə”lum edən nişanələri olmayan (itən bir malı) tapsa və onun qiyməti bir dirhəm–12,6 noxud sikkəli gümüşdən az olmasa ehtiyat-vacib budur ki, sahibinin tərəfindən sədəqə versin.

Məsələ: 2632.Əgər nişanəsi olan və qiyməti 12,6 noxud sikkəli gümüşdən az olan malı tapsa, bu halda sahibi mə”lum olarsa və insan onun razı olub-olmamasını bilməsə, icazəsi olmadan götürə bilməz. Lakin sahibi mə”lum olmasa öz mülkü olması qəsdi ilə götürə bilər. Ehtiyat-vacib budur ki, hər vaxt sahibini tapsa tələf olmamışsa malın özünü, tələf olmuşsa əvəzini versin. Ehtiyat-vacib budur ki, Məkkeyi-Müəzzəmə hərəminin məntəqəsində tapılan şeyi də götürməsin.

Məsələ: 2633. Əgər tapdığı şeyin nişanələri olsa və bunların vasitəsilə sahibini tapmaq mümkün olsa, hətta sahibi müsəlmanların pənahında olan kafir də olsa, qiyməti 12,6 noxud sikkəli gümüş dəyərinə çatsa bir ilə müddətində camaatın yığışdığı və sahibinin olmasına ehtimal verilən yerlərdə e”lan etməlidir. Belə ki, camaat arasında “bir il müddətində müntəzəm surətdə e”lan etmişdir” desinlər. Əgər tapdığı gündən e”tibarən bir həftə müddətində hər gün, sonra isə bir il müddətində hər həftədə bir dəfə camaatın yığışdığı yerlərdə e”lan etsə, kifayətdir.

Məsələ: 2634.Əgər insanın özü e”lan etmək istəməsə, arxayın olduğu şəxsə deyə bilər ki, onun tərəfindən e”lan etsin.

Məsələ: 2635.Əgər bir il müddətində e”lan etdikdən sonra sahibi tapılmazsa, onu özü üçün götürə bilər. Bu məqsədlə ki, hər vaxt sahibini tapsa, onun əvəzini versin. Yaxud götürüb onun üçün saxlasın ki, hər vaxt tapılsa, qaytarsın, ya da sahibinin tərəfindən sədəqə versin. Amma ehtiyat-müstəhəb budur ki, sahibinin tərəfindən sədəqə versin.

Məsələ: 2636.Əgər bir il e”lan etdikdən sonra sahibi tapılmasa və malı onun üçün saxlasa və tələf olub aradan getsə, bu halda onu saxlamaqda səhlənkarlıq və ifrat etməmiş olsa, zamin deyil. Lakin sahibinin tərəfindən sədəqə vermiş, yaxud özü üçün götürmüş olsa, hər iki halda zamindir. Amma əgər malın sahibi onun sədəqə verilməsinə razı olsa, zamin deyil.

Məsələ: 2637.Hər hansı bir şeyi tapan şəxs qəsdən qeyd olunan göstərişə əsasən e”lan etməsə, günah etməsindən əlavə, e”lan etməsi yenə də vacibdir.

Məsələ: 2638.Əgər dəli, yaxud həddi büluğa çatmayan uşaq bir şey tapsa, onun qəyyumu e”lan etməlidir. Bundan sonra onun mülkiyyətinə keçirə, yaxud sahibinin tərəfindən sədəqə verə bilər. Amma əgər səğir uşaq üçün məsləhəti olsa, gərək mülkiyyətinə keçirtsin.

Məsələ: 2639.Əgər insan e”lan etdiyi il əsnasında malın sahibinin tapılmasından ümidsiz olsa belə ki, onu e”lan etmək artıq mə”nasız bir iş hesab olunsa, ehtiyat-vacib budur ki, onu sədəqə versin.

Məsələ: 2640.Əgər e”lan etdiyi il əsnasında mal tələf olsa, bu halda onu saxlamaqda səhlənkarlıq, yaxud ifrat etmiş olsa, əvəzini sahibinə verməlidir. Əks halda isə onun boynunda bir şey vacib deyil.

Məsələ: 2641.Əgər nişanəli, qiyməti 12,6 noxud sikkəli gümüş dəyərinə çatan bir malı, e”lan etməklə sahibinin tapılmayacağı mə”lum olan yerdən tapsa, elə tapdığı gün sahibinin tərəfindən sədəqə verə bilər; bir ilin tamam olmasını gözləməsi lazım (ilzami) deyil. Əgər sonradan sahibi tapılsa və sədəqə verilməsinə razı olmasa, əvəzini qaytarmalıdır. Verdiyi sədəqənin savabı onun özünə çatır.

Məsələ: 2642.Əgər bir şey tapıb öz malı olduğunu güman edərək götürsə, sonradan onun malı olmadığı mə”lum olsa, bir il müddətinə qədər e”lan etməlidir. Ehtiyat-vacibə görə onu öz ayağı ilə hərəkət etdirib yerini dəyişsə də eynilə.

Məsələ: 2643.Gərək e”lan etdiyi vaxt tapdığı şeyin cinsini camaatın nəzərində onun əlamətləri hesab olunacaq tərzdə (müəyyən şəkildə) desin. Məsələn, “kitab və ya paltar tapmışam” desin. “Bir şey tapmışam” desə, kifayət deyil.

Məsələ: 2644. Əgər bir kəs bir şey tapsa və başqası “mənim malımdır” desə o halda ona verməlidir ki, nişanələrini desin, malın onun olmasına yəqin, yaxud xatircəmlik hasil olsun.

Məsələ: 2645.Əgər tapdığı şeyin qiyməti 12,6 noxud sikkəli gümüş dəyərinə çatsa, bu halda e”lan etmədən məsciddə, yaxud camaatın yığışdığı başqa yerlərdə qoysa, nəticədə aradan getsə, yaxud başqası götürsə tapan şəxs zamindir.

Məsələ: 2646.Əgər qalanda xarab olan bir şey tapsa, mümkün olan qədər saxlamalı sonra cameüş-şərait müctehidin, yaxud onun vəkilinin icazəsi ilə qiymət qoyub satmalı, pulunu saxlamalıdır. Və bir il müddətində malın xüsusiyyətlərini e”lan etməlidir. Sahibi tapılmazsa, onun tərəfindən sədəqə verməlidir.

Məsələ: 2647.Əgər tapdığı şey dəstəmaz alanda, namaz qılanda onun üstündə olsa, bu halda məqsədi sahibini tapmaq olsa eybi yoxdur. Əks halda qəsb olunmuş şey hökmündədir.

Məsələ: 2648.Əgər bir kəsin ayaqqabısını aparıb yerinə başqa bir ayaqqabı qoysalar bu halda qalan ayaqqabının onun ayaqqabısını aparan şəxsin olduğunu və o ayaqqabını, apardığı ayaqqabının əvəzində götürülməsinə razı olduğunu bilsə, onda sahibinin tapılacağından mə”yus olsa, yaxud tapmaq məşəqqətli olsa, onu öz ayaqqabısının yerinə götürə bilər. Amma əgər onun qiyməti öz ayaqqabısının qiymətindən artıq olsa, sahibini hər vaxt tapsa qiymətinin artıq hissəsini ona verməlidir. Əgər onu tapmaqdan naümid olsa, artıq qiyməti sahibinin tərəfindən sədəqə verməlidir. Əgər qalmış ayaqqabının onun ayaqqabısını aparan şəxsin malı olmadığını ehtimal versə və qiyməti də 12,6 noxud sikkəli gümüş dəyərindən az olsa özü üçün götürə bilər. Amma çox olsa, bir il müddətində e”lan etməli, bir ildən sonra ehtiyat-vacibə görə sahibinin tərəfindən sədəqə verməlidir.

Məsələ: 2649.Əgər qiyməti 12,6 noxud sikkəli gümüşdən az olan mal tapıb əhəmiyyət verməyərək məscidə, yaxud başqa yerə qoysa və bir kəs də onu götürsə onun üçün halaldır.

Məsələ: 2650.Tikilmək üçün dərzinin yanına gətirilən paltarlar, tə”mir üçün zərgərin yanında qoyulan qızıl mə”mulatlar, cildlənmək, yaxud satış üçün kitab satanların, cildləyənlərin yanında qoyulan kitablar, tə”mir üçün tə”mirçinin yanına qoyulan vəsaitlərin sahibi namə”lum olub aparmağa gəlməsələr, axtarış və təhqiqatdan sonra sahibinin gəlişindən mə”yus olsa, ehtiyat-vacibə görə sahibinin tərəfindən sədəqə verməlidir.