Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

NƏZİR, AND, ƏHD VƏ VƏQFİN HÖKMLƏRİ

Məsələ: 2715.Nəzir budur ki, insan müəyyən xeyir işi Allah üçün yerinə yetirməyi, yaxud görülməməsi yaxşı olan işi Allah üçün tərk etməyi özünə vacib etsin.

Məsələ: 2716.Nəzir iki qismdir:

1-Şərt edilməklə olunan nəzir; Məsələn. şəxs “əgər mənim xəstəliyim sağalsa, Allah üçün filan işi görmək mənim öhdəmə olsun” desin. Bu cür nəzirə “şükür nəziri” deyilir. Yaxud “əgər filan çirkin işi görsəm, filan xeyir işi Allah üçün yerinə yetirəcəyəm” desin. Bu cür nəzirə “zəcr nəziri” deyilir;

2-Mütləq nəzir. Bu qeydsiz-şərtsiz deyilən nəzirdir. Məsələn, “mən Allaha nəzir edirəm ki, gecə namazı qılam” desin. Bütün bu nəzirlər səhihdir.

Məsələ: 2717.Nəzirdə siyğə oxunmalıdır. Onun ərəbcə oxunması lazım (ilzami) deyil. Deməli “əgər xəstəliyim sağalsa, Allah üçün 10 tümən fəqirə vermək mənim boynumadır” desə, səhihdir. “Allah üçün” kəlməsi dildə deyilməlidir, qəlbdə qəsd olunması kifayət deyil.

Məsələ: 2718.Nəzir edən şəxs mükəlləf, aqil olmalı, öz ixtiyarı və qəsdi ilə nəzir etməlidir. Deməli nəzir etməyə məcbur olan, əsəbiləşib ixtiyarsız olaraq nəzir edən şəxslərin nəziri səhih deyil.

Məsələ: 2719.Müfəlləs və səfeh şəxs bir şey fəqirə verməyi nəzir etsə, səhih deyil.

Məsələ: 2720.Qadının ərinin hüquqlarına narahatçılıq törədərsə, ondan icazə almadan nəzir etməsi batildir. Amma əgər narahatçılıq törətməsə ehtiyat-vacib budur ki, onun icazəsi ilə olsun. Xüsusilə mal nəzir etməkdə, hətta o mal qadının özünə məxsus olsa da (icazə lazımdır).

Məsələ: 2721.Əgər qadın ərinin icazəsi ilə nəzir etsə, əri ehtiyat-vacibə görə onun nəzrini poza, yaxud nəzrinin verməsinə mane ola bilməz.

Məsələ: 2722. Əgər övlad, atasının icazəsi olmadan da nəzir etsə, nəzrinə əməl etməlidir. Amma nəzir edəndən sonra atası ona mane olsa nəzirə vəfa etməsi lazım (ilzami) deyil. Ana da ehtiyat-vacibə görə eynilə.

Məsələ: 2723.İnsan o işi nəzir edə bilər ki, görülməsi mümkün olsun. Deməli piyada Kərbəlaya gedə bilməyən bir kəs, piyada getməyi nəzir etsə, nəziri səhih deyil.

Məsələ: 2724.Əgər məkruh, haram bir iş görməyi, yaxud vacib, müstəhəb işi tərk etməyi nəzir etsə, nəziri səhih deyil.

Məsələ: 2725.Nəzir etdiyi əməlin cü”ziyyatı (incəlikləri) və xüsusiyyətlərinin bəyənilən (mətlub) olması lazım (ilzami) deyil. Elə onun ümumi halda əsli Şəriətdə bəyənilən olsa kifayətdir. Məsələn, əgər hər ayın birinci gecəsi gecə namazı qılmağı nəzir etsə, səhihdir və ona əməl etməlidir. Yaxud xas bir yerin fəqirlərinə təam verməsini nəzir etsə öz nəzirinə müvafiq olaraq əməl etməlidir,

Məsələ: 2726.Əgər mübah bir işi yerinə yetirməyi, yaxud tərk etməyi nəzir etsə, bu halda onu yerinə yetirməklə tərk etmək bütün cəhətlərdən bərabər olsa, nəziri səhih deyil. Əgər yerinə yetirilməsi müəyyən cəhətdən yaxşı olsa və insan da həmin cəhəti nəzərdə tutaraq nəzir etsə (məsələn, müəyyən şey yeməyi, ibadətdə qüvvət tapması üçün nəzir etsə) onun nəziri səhihdir. Həmçinin əgər mübah bir işin tərk olunması müəyyən cəhətdən yaxşı olsa və insan da həmin cəhəti nəzərdə tutaraq nəzir etsə, (məsələn, tüstünün zərərli olduğuna görə siqarəti tərk etməsini nəzir etsə) nəziri səhihdir.

Məsələ: 2727.Əgər vacib namazı öz-özlüyündə, adi halda savabı çox olmayan bir yerdə qılmağı (məsələn, otaqda qılmağı) nəzir etsə, bu halda orada namaz qılmaq müəyyən cəhətdən yaxşı olsa (məsələn, ora sakitlik olduğuna görə insan orada hüzuri-qəlb tapacaqsa) nəzir səhihdir.

Məsələ: 2728.Əgər bir əməli yerinə yetirməyi nəzir etsə, nəzir etdiyi qaydada yerinə yetirməlidir. Deməli, əgər ayın əvvəl günü sədəqə verməsini, yaxud oruc tutmasını, yaxud da ayın əvvəlinin namazını qılmağı nəzir etsə bu halda həmin gündən əvvəl və ya sonra yerinə yetirsə kifayət deyil. Həmçinin əgər xəstəliyi sağalarsa sədəqə verməyi nəzir etsə və sağalmamışdan qabaq sədəqə versə, kifayət deyil.

Məsələ: 2729.Əgər oruc tutmağı nəzir etsə, amma vaxtını və miqdarını müəyyən etməsə, bir gün oruc tutması kifayətdir. Əgər namaz qılmağı nəzir edib amma miqdarını, xüsusiyyətlərini müəyyən etməsə, iki rəkətlik bir namaz qılması kifayətdir. Əgər sədəqə verməsini nəzir edib, onun cinsini və miqdarını müəyyən etməsə, “sədəqə vermişdir” deyilə bilən bir şey versə, öz nəzirinə əməl etmişdir. Əgər müəyyən bir işi Allah üçün yerinə yetirməyi nəzir etsə, onda bir namaz qılsa, yaxud bir gün oruc tutsa, yaxud bir şey sədəqə versə, öz nəzirini yerinə yetirmişdir.

Məsələ: 2730.Əgər müəyyən bir gün oruc tutmağı nəzir etsə həmin günü oruc tutmalıdır və o gündə səfərə gedə bilməz. Əgər səfərə getmək səbəbilə oruc tutmasa, o günün qəzasından əlavə, kəffarə də verməlidir. Amma əgər səfər etməyə məcbur olsa və ya başqa üzr səbəbilə (xəstəlik, yaxud heyz) həmin gün tuta bilməsə, təkcə qəzası kifayətdir.

Məsələ: 2731.Əgər insan ixtiyar üzündən öz nəzirinə əməl etməsə, kəffarə verməlidir. Yə”ni, ya bir qul azad etməli, ya 60 fəqirə təam verməli, ya da iki ay ardıcıl oruc tutmalıdır.

Məsələ: 2732.Əgər müəyyən bir vaxta kimi bir əməli tərk etməyi nəzir etsə, o vaxt keçəndən sonra o əməli görə bilər. Əgər vaxt keçməmişdən qabaq unudaraq, yaxud naçar olaraq o işi görsə, heç nə vacib olmur. Amma yenə o vaxta qədər həmin əməli görməməlidir. Əgər həmin vaxt qurtarmamışdan qabaq üzrsüz olaraq yenidən o əməli görsə, əvvəlki məsələdə deyildiyi qədər kəffarə verməlidir.

Məsələ: 2733. Əgər bir kəs müəyyən bir əməli daimi olaraq tərk etməyi nəzir edib vaxtını müəyyən etməsə, bu halda ixtiyar üzündən onu görsə birinci dəfədə kəffarə verməlidir. Əgər onun nəzrinin hər dəfəsi nəzirə aid olursa, hər dəfə o işi yerinə yetirdiyi üçün kəffarə verməlidir. Amma əgər belə məqsədi olmasa, yaxud məqsədinin necə olmasında şəkk etsə birdən artıq kəffarə vacib deyil.

Məsələ: 2734.Əgər hər həftənin müəyyən gününü, məsələn, cümə gününü oruc tutmağı nəzir etsə və cümələrdən biri Fitir və Qurban bayramına düşsə, yaxud cümə günü başqa üzr tapılsa (məsələn, heyz vaxtına düşsə) o günü oruc tutmamalı, ehtiyatən qəzasını tutmalıdır.

Məsələ: 2735.Əgər müəyyən qədər sədəqə verməyi nəzir etsə və sədəqə verməmişdən qabaq ölsə, o miqdarı onun malından sədəqə vermək lazım (ilzami) deyil. Daha yaxşı olar ki, onun vərəsələrindən həddi-büluğa çatanları o miqdarı öz malından və meyyitin tərəfindən sədəqə versinlər.

Məsələ: 2736.Əgər müəyyən bir fəqirə sədəqə verməyi nəzir etsə, başqa fəqirə verə bilməz. O fəqir ölsə ehtiyata əsasən onun vərəsələrinə verməlidir.

Məsələ: 2737.Əgər İmamlardan hər hansı birinin (məsələn, Həzrəti Əba Əbdillah (əleyhis-salam)ın) ziyarətinə getməyi nəzir edib başqa İmamın ziyarətinə getsə kifayət deyil. Əgər müəyyən üzr səbəbilə həmin İmamı ziyarət edə bilməsə boynuna bir şey vacib deyil.

Məsələ: 2738.Ziyarətə getməyi nəzir edən, amma ziyarət quslu və ziyarət namazını nəzir etməyən bir kəsin onları yerinə yetirməsi lazım (ilzami) deyil.

Məsələ: 2739.Əgər İmamlardan, yaxud İmamzadələrdən birinin hərəmi üçün bir şey nəzir etsə o şeyi hərəmə məsrəf edilməlidir. Xalça, pərdə, işıq avadanlıqları və s.-ni İmam (əleyhis-salam) və ya İmamzadələr üçün nəzir etsə oranın xidmətçilərinə verə bilər. Əgər mümkün olsa, hərəmin məsrəfinə, yaxud sair yaxşı, xeyir işlərə, savabının nəzir olunmuşa qayıtması məqsədilə xərcləyə bilər.

Məsələ: 2740.Əgər İmam (əleyhis-salam)-ın özü üçün bir şey nəzir edib müəyyən bir şey xərcləməyi qəsd etsə, həmin yerə məsrəf etməlidir. Əgər müəyyən şeyi xərcləməyi qəsd etməsə, şiə fəqirlərə və zəvvarlara versin, yaxud məscid və s. tikib savabını o İmama hədiyyə etsin, yaxud əzadarlıq məclislərinə, o həzrətlərin əsərlərinin yayılmasına, onlara aid olan sair işlərə xərcləsin. İmamzadələr üçün bir şey nəzir etsə, eynilə.

Məsələ: 2741.Sədəqə, yaxud İmamlardan birinə nəzir olunan qoyunun yunu və kökəldiyi miqdar nəzirin hissəsidir. Əgər nəzir məsrəfinə xərcləməmişdən qabaq süd versə, yaxud doğsa, ehtiyat-vacibə görə o da nəzir olunan yerə məsrəf olunmalıdır.

Məsələ: 2742.Əgər xəstəliyi sağalarsa, yaxud səfərdə olanı qayıdarsa filan əməli yerinə yetirəcəyini nəzir etsə, bu halda nəzir etməmişdən qabaq xəstəliyinin sağaldığı, yaxud səfərdə olanın qayıtmış olduğu mə”lum olsa, nəzirə əməl etmək lazım deyil.

Məsələ: 2743.Əgər ata və ya ana öz qızını seyyidə ərə verməyi nəzir etsə, qızı həddi-büluğa çatanda ehtiyata görə onu razı sala bilsələr, gərək seyyidə ərə getsin; yox əgər razı olmasa, onların nəziri e”tibardan düşür. İxtiyar qızın öz əlindədir.

Məsələ: 2744. Bir kəs Allahla, şər”i istəyinə çatarsa xeyir bir iş yerinə yetirəcəyini əhd eləsə, sonradan, istəyi yerinə yetirildikdən sonra o işi yerinə yetirməlidir. Həmçinin əgər istəyi olmadan, xeyir bir iş görməyi əhd etsə o əməli yerinə yetirmək ona vacibdir.

Məsələ: 2745.Əhddə də nəzir kimi siyğə oxunmalı, Allahın adı dildə deyilməlidir. Həmçinin əhd etdiyi iş ya ibadət (müstəhəb və vacib namaz kimi), yaxud görülməsi tərk edilməsindən yaxşı olan işlərdən olmalıdır. Amma ehtiyat-vacibə görə əhd etdiyi iş şər”ən mərcuh olmasa, gərək onu yerinə yetirsin.

Məsələ: 2746.Əgər öz əhdinə əməl etməsə, kəffarə verməlidir. Yə”ni ya 60 fəqiri doyurmalı, ya iki ay oruc tutmalı, ya da bir qul azad etməlidir.

AND İÇMƏYİN HÖKMLƏRİ

Məsələ: 2747.Əgər insan hər hansı bir işi görməsinə, yaxud tərk etməsinə (məsələn, oruc tutmasına, yaxud siqaret çəkməməyə) dair and içib qəsdən bu andına müxalif çıxsa, kəffarə verməlidir. Yə”ni ya bir qul azad etməli, ya 10 fəqiri doyurmalı, ya da onları geyimlə tə”min etməlidir. Əgər bunları edə bilməsə, üç gün oruc tutmalıdır. Oruc günləri də ardıcıl olmalıdır.

Məsələ: 2748.And içməyin bir neçə şərti vardır:

1-ci şərt budur ki, and içən şəxs həddi-büluğa çatan, aqil olsun. Öz malı ilə əlaqədar and içmək istəyirsə gərək səfeh olmasın və hakimi-şər” də onun öz malında təsərrüf etməsini qadağan etməmiş olsun, qəsd və ixtiyar üzündə and içsin. Deməli uşağın, dəlinin, məstin, and içməyə məcbur olan şəxsin and içməsi səhih deyil. Həmçinin əgər əsəbiləşən halda qəsd etmədən və ya ixtiyarsız olaraq and içsə, səhih deyil.

2-ci şərt budur ki, yerinə yetirməsini and içmək istədiyi iş haram və məkruh; tərk etməsini and içmək istədiyi iş vacib və müstəhəb olmasın. Əgər mübah bir işi yerinə yetirməyə and içsə, gərək camaatın nəzərində onun tərk olunması yerinə yetirilməsindən yaxşı olmasın. Həmçinin müəyyən mübah işi tərk etməsini and içsə, gərək onu yerinə yetirmək camaatın nəzərində tərk etməsindən yaxşı olmasın.

3-cü şərt budur ki, Allahın Müqəddəs Zatından başqalarına deyilməyən mübarək adlarından birinə and içsin (“Allah” kəlməsi kimi). Həmçinin Allahdan başqası üçün də işlənən, amma Allaha çox deyilən və o adı eşidəndə Allahın Müqəddəs Zatı nəzərinə gələn (məsələn Xaliq, Raziq kimi) sair adlara and içsə, səhihdir. Hətta əgər əlamət və nişanələr olmadan Allahın nəzərə gəlmədiyi adlara and içsə, amma onun nəzəri Allaha and içmək olsa, ehtiyata əsasən, o andına əməl etməlidir.

4-cü şərt budur ki, and içməyi dilinə gətirsin. Əgər yazsa, yaxud qəlbində qəsd etsə səhih deyildir. Lal adam işarə ilə and içsə, səhihdir.

5-ci şərt budur ki, andına əməl etmək onun üçün mümkün olsun. Əgər and içdiyi vaxt mümkün olsa, ancaq and üçün müəyyən etdiyi vaxtın axırına qədər aciz olsa, yaxud onun üçün məşəqqətli olsa aciz olduğu vaxtdan e”tibarən onun andı pozulur. Həmçinin əgər and içdiyi şey əməl etmək istədiyi vaxtı mərcuh və yaxud haram olsa and pozulur. Əhd və nəzirin hökmündə də eynilə.

Məsələ: 2749.Əgər ata övladının, yaxud ər öz arvadının and içməsinin qarşısını alsa onların andı səhih deyil.

Məsələ: 2750.Əgər övlad atanın, arvad ərinin icazəsi olmadan and içsə, onların andlarının səhih olmaması ehtimalı yoxdur. Lakin ehtiyatı tərk etməməlidirlər.

Məsələ: 2751.Əgər insan unutqanlıq və ya çarəsizlik üzündən öz andına əməl etməsə, həmçinin andına əməl etməməsinə məcbur etsələr, kəffarə vacib deyil. Vəsvas adam and içsə, məsələn “Vallahi bu saat namaz qılmağa başlayıram” desə amma vəsvaslıq səbəbi ilə qılmasa bu halda onun vəsvaslığı, ixtiyarsız olaraq andına əməl etməməsi əsasında olarsa, kəffarəsi yoxdur.

Məsələ: 2752.And içən şəxsin sözü düz olsa and içməsi məkruh, yalan olsa haramdır və böyük günahlardandır. Lakin əgər özünü, yaxud başqa müsəlmanı zalımın şərrindən xilas etmək üçün yalandan and içsə, eybi yoxdur. (Hətta bə”zi hallarda vacib də olur.) Amma əgər tovriyə edə bilsə (yə”ni and içən vaxtda elə niyyət etsin ki, yalan olmasın.) ehtiyat-vacibə görə gərək tovriyə etsin. Məsələn, zalım bir şəxs bir nəfərə əzab-əziyyət vermək istəsə və insandan “onu görməmisən?” deyə soruşsa, insan da bir saat bundan qabaq görmüş olsa və “onu görməmişəm” desə, məqsədi də beş dəqiqə bundan qabaq görmədiyi olsa, bu cür and içmə əvvəlki məsələdə deyləndən fərqlənir. Çünki, and içmək iki növdür: 1-Bir şeyi isbat, yaxud təkzib etmək üçün and içmək; 2-Gələcəkdə müəyyən bir işi yerinə yetirmək üçün and içmək. Birinçi halda and yalan olsa haramdır, amma kəffarəsi yoxdur. Və təxəllüf edəndə kəffarəsi olan and–işin gələcəkdə görülməsinə dair olan anddır.